fbpx

Gözəl görünmək, diqqət mərkəzində olmaq hər bir qadının arzusudur. İstənilən xanım, hətta diqqətdən kənar olan  qadın belə, xüsusi şərtlərlə cazibədar, vazkeçilməzə çevrilə bilər. Təbii ki, bunu təkbaşına əldə etmək olduqca çətindir.

Sizə kreativ direkorumuz Aydın İlyasovun məsləhətlərini təqdim edir:

  1. Öncə özünüzü təqdim edərdiniz.

– “DARAQ hair salon & shop”un kreativ direktoruyam. 13 ildən çoxdur ki, bu sahədəyəm. Gözəllik industriyasını inkişaf etdirməyi, bərbərlik sənətinə olan münasibəti dəyişməyi qarşıma məqsəd qoymuşdum. Bu peşəyə hər kəs hörmət etməlidir və buna görə çalışırıq. Azərbaycanda bu sahədə inqilab etmək istəyirəm.

2. Peşəkar kimi nə vaxt fəaliyyətə başladınız?

– Peşəkar olaraq 8 il əvvəl fəaliyyətə başlamışam. Hansı ki, gedib Kiyevdə saç ustası, bərbərlik sənətinin incəliklərini öyrənmişəm, təhsil almışam. Bu müddət ərzində mənim bu peşəyə yanaşmam tam olaraq dəyişdi, inkişaf etdim. Ona qədər mən də fərqli yanaşırdım. Anladım ki, saç ustası sənəti çox dərindir. Burda iş sadəcə saçı kəsmək və rəngləməklə bitmir. Saçlardan sənət əsəri, gözəlliklər yaratmaq olur. Kiyevdə oxuyarkən həmkarlarımla görüşlərdən nəticə çıxardım ki, onlar bu sənətə fərqli yanaşırlar. Onların məqsədləri, cəhdləri tam fərqlidir. Kiyevli bərbərlə Bakılı bərbər arasında yerlə göy qədər fərq var. Buna görə çox təəssüflənirdim. Bizdə hər kəs pul qazanmaq istəyir. Bizim saç ustalarımız, bərbərlərimiz beynəlxalq dərəcədə inkişafa açıq deyillər. Dünyaya açılmaq üçün sadəcə gözəllik salonu açmaqla kifayətlənməməlisən. Əgər bu sahəyə gəlmisənsə, insanların baxışlarını, görünüşü, zövqünü dəyişməlisən. Mən bunları görürdüm və bu üzdən də “Daraq” layihəsini yaratmaq qərarına gəldik. 1 ildən çoxdur fəaliyyətə başlamışıq. Bizi maraqlandıran insanlarla xeyli görüşlər keçirdik. Çətinliklə də olsa, məqsədimizə çatdıq.

  1. Azərbaycanda bərbərlik sənətinin yaxşı inkişaf etməməsinə səbəb nədir?

– Ən böyük çətinlik insanların mentaliteti və steriotipləri ilə bağlıdır. Bizim insanlar ancaq özünü düşünür, açıq deyillər. Bərbərlər də müştəriyə sırf pula görə xidmət edirlər. Bizim bərbərlərin nəinki sertifikatları, heç şəxsi kolleksiyaları belə yoxdur. Biz isə sırf şəxsi təcrübəmiz və kolleksiyamızla işə başladıq. Sənətkarlarımız var, amma yaradıcılıq yoxdur. Nəyisə yaratmaq lazımdır ki, sənəti inkişaf etdirəsən.

  1. Niyə məhz “Daraq”?

– “Daraq” sadəcə ad deyil. Bu, həm də bizim yanaşma tərzimiz, zövqümüz və fəlsəfəmizdir. Biz beynəlxalq arenaya çıxmaq istəyiriksə, milli adla çıxmalıyıq. “Beauty” adı ilə beynəlxalq arenada heç kəsi təəccübləndirə bilməzsən. Gedib ingilisin yanında ingilis dilində ad təqdim etmək mənasızdır. Nəticədə biz “Daraq” adı üzərində qaldıq. Bir çox şərq və türk dillərində bu söz bir-birinə oxşayır. Saç düzümündə hər şey daraqla başlayır.

  1. Gəlin, biraz da müştərilərdən danışaq. Ukraynada oxumusuz, Bakıda da iş görürsüz. Oranın müştəriləri ilə bizimkilər arasında hansı fərqlər var?

– Çox yaxşı sualdır. Açıq danışacam – fərq çoxdur. Bizim müştərilər mentaldırlar, inkişafa açıq deyillər. Bizdə həmişə bərbərə diqtə edirlər. Heykəltaraşa, rəssama diqtə etmək, “onu elə yox, belə et!” demək absurddur. Bu, incəsənətə qarşı çıxmaqdır. Bəli, müştəri hansı stili istədiyini deyə bilər. Lakin onu necə etməli olduğumuzu bizə öyrətməli deyil. Yaradan bizik, işi biz bilirik. Müştərilər xidmətə görə pul ödəyəndə, onlar özlərini sahib olmuş kimi aparırlar. Sanki xidmətə görə yox, bərbəri aldığına görə pul ödəyib. Bu, çox pisdir. Bilirsiniz niyə? Çünki bərbərlər öz sənətinə hörmət qoymur, dəyər vermir. Hər bir bərbər özünə və peşəsinə hörmət etməlidir.

  1. Müştərilər niyə sizi seçməlidir?

– Biz layihəyə başlayanda çox düşünmüşük. Analizlərdən sonra məlum oldu ki, bizdə yaxşı və keyfiyyətli iş görən saç ustalarına tələb var. Bizim bərbərlərin 80-90%-nin təhsili yoxdur, onlar saçlardan nəsə yarada bilmirlər. Saç kəsimini çox adam bacarmır. Ukladaka edirlər, rəng qoyurlar, saçları ütüləyirlər, amma kəsə bilmirlər. Bərbərlərin də inkişaf etməməsinə səbəb insanların mentalitetidir. Məqsədimiz insanları “yanları götür, üstü qalsın” deyimindən qurtarmaqdır. Bu peşədə dəbi yaradan bizik. Təsəvvür edin ki, müştərilər növbəti mövsüm hansı paltarı geyinmək istədiyini modelyerlərə deyir. Belə şey mümkündürmü? Xeyr, modelyerlər özləri təklif edirlər. Biz də növbəti mövsümlərin, illərin saç düzümlərini yaradırıq. Ən dəbli, ən müasir. Rahat deyə bilərəm ki, bizim salondakı ustaların inkişaf səviyyəsi çox yüksəkdir, onlar işinin bacaranıdırlar. Burda 5 ildən aşağı təcrübəsi olan adam işləmir.

  1. Ustaları necə seçirsiz?

– Hər şeydən əvvəl mənimçün insanın şəxsi keyfiyyəti vacibdir. Seçim bunun üzərində qurulur. Sonrakı isə peşəkarlıq və dürüstlük. Bizim bərbərlər inkişafa həmişə can atırlar. Hər zaman öyrənmək istəyirlər. Bu cür insanları öyrətmək də rahatdır. Bizim salonda ayda 3-4 dəfə “yaradıcılıq günləri” keçirilir. Hansı ki, onlar bizim üçün böyük sınaqdır, təhsildir. Burdan heç kəs harasa treningə getmir. Biz özümüz trening keçiririk. Bəzi adamlar var ki, gedib Avropada hansısa saç ustasının kolleksiyasına, prezentasiyasına baxıb, qayıdırlar və buna “mən treninq”də olmuşam adı qoyurlar. Sertifikatı da güzgünün qarşısına qoyub lovğalanırlar. Bu, öyrənmək deyil. Peşəyə belə yiyələnmək olmaz.

  1. Saç kəsməkdən əlavə daha hansı xidmətlər göstərirsiz?

– Saç kəsimi, saçların rənglənməsi, dırnaqlara qulluq, döymə sənəti və.s xidmətlərimiz var. Ən böyük üstünlüyümüz keyfiyyətli saç kəsimidir. Biz saçları kəsmirik, ondan sənət əsəri yaradırıq. Bizim işlərimizə baxanda peşəkarlığımıza əmin ola bilərsiniz. İnsanın saç düzmü onun sifəti və bədən quruluşu ilə harmoniya təşkil etməlidir.

  1. Yeri gəlmişkən “Daraq akademiya” da fəaliyyət göstərir.

– “Daraq” sadəcə bu sahədə incəsənətə açılan yoldur. “Daraq akademiya” isə onun qollarından biri. Biz insanları yetişdiririk, onlara öyrədirik. Tez-tez treninqlərimiz olur. Bununla insanların yanaşmasını dəyişirik. Bizdə yaradıcılıq platforması var. Hər kəslə işbirliyi edə bilərik. Biz yeni nəsil yetişdirməliyik. Köhnə nəsili yeniliklərə uyğunlaşdırmaq mümkünsüzdür. 50-60 yaşı olan, müəyyən qədər pul qazanan insana gəl, bu sənətlə maraqlan, gəl saçını belə düzəldək deyə bilməzsən. Gəncləri isə yeniliklərə uyğunlaşdırmaq lazımdır. Bərbər öz peşəsinə dəyər vermirsə, müştəri heç verməyəcək.

 

  1. Kiminsə şəxsi bərbəri olmaq haqda düşünmüsüz?

– Heç vaxt bunu etmərəm. Mənə çox yaxşı təkliflər gəlib. Amma imtina etmişəm. Çox varlı insalar məni xidmət üçün evinə çağırıb, getməmişəm. Demişəm ki, mənə və peşəmə hörmət edirsinizsə, yanıma gəlin.

  1. Bu peşədə hansı çətinliklər var?

– Bu işin ən çətin tərəfi müxtəlif xasiyyətli insanlarla işləməyimizdir. Yanaşman, hərəkətin, işin adama görə dəyişir. İnsanlarla ortaq dil tapmalıyıq. Digər çətinlik yaradıcılığımızı inkişaf etdirməkdir. Sənətkarlıqdan çıxıb, yaradıcı olmaqdır. Biz bunuçün çalışırıq. Biz sənətimizi salonda inkişaf etdiririk, müştərilərlə. Amma yaradıcılığımızı böyük kütlə qarşısında inkişaf etdirik. Bahalı bərbərə yaxşı bərbər demək olmaz. İnsan sadəcə özünə bahalı donu geyindirə bilər. Amma bu o demək deyil ki, həmin bərbər yaradıcıdır. İnsanlar da onların yanına gedirlər. Çox təəssüf edirəm. Biz çətin yol seçmişik. Lakin anlayırıq ki, insanların mentalitetini, dəbini dəyişə bilərik. Böyük kütlənin arasında öz auditoriyamızı tapa bilmişik. Biz bütün ölkəyə xidmət göstərə bilmərik.

  1. “Daraq” sizin istədiyiniz kimi inkişaf edir?

– Düşünürəm ki, hətta çox inkişaf edir. Biz bazara çox yaxşı girmişik. Artıq dillərdəyik və müştərilərimiz var. Biz inkişaf etdikcə, insanlara yeni dünya göstərdikcə, “Daraq” inkişaf edəcək. Bizə müştəri gələndə deyir ki, biz belə kollektiv görməmişik. Çünki burda hamı bir-biri ilə dostdur. Müştəri gələndə usta boş deyilsə, ona get başqa vaxt gələ bilərsən demirik. Həmin müştərini digərinə rahat formada ötürə bilirik. Çünki burda hər kəs peşəkardır. Bu yanaşma hər yerdə yoxdur.

  1. Müştərinin narazı qaldığı hallar olub?

– Bunsuz mümkün deyil. Hər kəsi qane edə bilməzsən. Narazı gedən müştərilərə “üzr istəyirik, alınmadı” demirik. Əksinə, “bir daha gəlin, daha yaxşısını edərik” deyirik. Səhvimiz varsa, düzəldirik. Elə hal olub ki, saç rəngi düz olmayıb. Səhəri gün həmin müştərini çağırıb, daha yaxşı xidmət göstərmişik, xoşbəxt şəkildə bizdən ayrılıb.

  1. “Daraq”da nə qədər adam çalışır, qazancınız nə qədərdir?

– Hazırda 8 bərbərimiz, dırnaq ustası və vizajistimiz var. 2 nəfər də administratorumuz. Ümumilikdə 12 nəfərik. Hərəsinin öz üstün cəhətləri var. Salonun gündəlik ortalama gəliri 500-1000 manat arasında dəyişir. Daha az olan vaxtlar da olur, daha çox olan vaxtlar da. Bu, 1 il üçün çox yaxşıdır.

  1. Müştərilərə nə sözünüz var?

– İndividuallığı axtarsınlar. Bir də peşəkar ustaları. Bizim insanlar bir-birilərinə bənzmək istəyirlər. Çünki onlar fərqli görünməkdən qorxurlar. Bu, çox pis haldır. Həmişə fərqli və xüsusi olmaq lazımdır. Hər bir insan kütlədən seçilməlidir. Müştərilərə də bunu təklif edirəm.

Cahan Rüstəmli